SİYASƏT
YAP GÖYÇAY RAYON TƏŞKİLATINDA BƏLƏDİYYƏ SEÇKİLƏRİ İLƏ BAĞLI TOPLANTI KEÇİRİLMİŞDİR
Bakı, 21 oktyabr (AZƏRTAC). Bələdiyyə seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası (YAP) Göyçay rayon təşkilatında toplantı keçirilmişdir.
Rayon təşkilatının sədri Ramiz İbrahimov 26 bələdiyyədə 244 yer uğrunda mübarizə aparılacağını diqqətə çatdırmışdır. Bu yerlərin hər birinə YAP Göyçay rayon təşkilatı öz namizədini irəli sürəcəkdir.
R.İbrahimov demişdir: “YAP böyük seçki təcrübəsinə malik partiyadır. Biz hər dəfə seçkilərə yeni texnologiya və inkişafı hədəfləyərək qatılırıq. Bu səbəbdən də xalqın seçimi Yeni Azərbaycan Partiyası olur. Qarşıdan gələn bələdiyyə seçkilərində də qələbə çalacağımıza əminik. Biz rayon üzrə bütün yerlər uğrunda mübarizə aparacağıq və artıq namizədlərimizi müəyyənləşdirmişik. İrəli sürülən namizədlər arasında gənclərə və qadınlara üstünlük verilmişdir. YAP Göyçay rayon təşkilatı seçkiyə tam hazırdır”.
İclasda maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələr, vəkil edilmiş şəxslərin və səlahiyyətli nümayəndələrin siyahısı təsdiq olunmuşdur.