SİYASƏT
YAP QADINLAR ŞURASI YASAMAL RAYON TƏŞKİLATI REFERENDUMLA BAĞLI TƏDBİR KEÇİRMİŞDİR
“Yeni Azərbaycan” təşviqat qrupunun vəkili Nurlana Əliyeva tədbiri açaraq bildirmişdir ki, Azərbaycan Konstitusiyasına əlavələr və dəyişikliklərlə bağlı keçiriləcək referenduma bütün ölkədə ciddi hazırlıq gedir. O demişdir ki, referenduma hazırlıqla bağlı birinci mərhələ arxada qalmışdır. Həmin mərhələdə YAP tərəfindən təşkil edilmiş “Yeni Azərbaycan” təşviqat qrupu yerlərdə çoxsaylı seminar-müşavirələr keçirmişdir.
Bugünkü tədbirin məqsədi referendumla bağlı seçicilər arasında izahat və maarifləndirmə işlərini daha da fəallaşdırmaqdır.
YAP-ın Yasmal rayonu ərazisində yaşayan 300-dən artıq qadın üzvünün iştirak etdiyi tədbirdə “Yeni Azərbaycan” təşviqat qrupunun səlahiyyətli nümayəndəsi, Milli Məclisin sosial siyasət daimi komissiyasının sədri Hadi Rəcəbli, Konstitusiya Məhkəməsinin şöbə müdiri Dürdanə Məmmədova və başqaları çıxış edərək, Konstitusiyaya təklif olunan əlavələr və dəyişikliklərin mahiyyəti barədə ətraflı məlumat vermişlər.
Tədbirdə təklif olunan əlavələr və dəyişikliklərin başlıca məqsədi haqqında izahat işlərinin təşkili formaları barədə fikir mübadiləsi də aparılmışdır.