SİYASƏT
YAP SƏBAİL RAYON TƏŞKİLATI İDARƏ HEYƏTİNİN İCLASINDA MARTIN 18-DƏ KEÇİRİLƏCƏK REFERENDUMA HAZIRLIQ MƏSƏLƏSİ MÜZAKİRƏ OLUNMUŞDUR
Bakı, 17 fevral (AZƏRTAC). Fevralın 17-də Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının idarə heyətinin iclasında Azərbaycan Konstitusiyasına əlavələr və dəyişikliklərlə bağlı martın 18-də keçiriləcək referenduma hazırlıqla əlaqədar məsələ müzakirə olunmuşdur.
YAP Səbail rayon təşkilatının sədri Zahid Qaralov Milli Məclisin dekabrın 26-da keçirilmiş iclasında Azərbaycan Konstitusiyasına bir sıra əlavələr və dəyişikliklər edilməsinə dair ümumxalq səsverməsinin (referendumun) keçirilməsi haqqında qərar qəbul edildiyini xatırlatmışdır. Həmin qərara əsasən Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı ümumxalq səsverməsi 2009-cu il martın 18-də keçiriləcəkdir.
Referenduma hazırlıqla bağlı birinci mərhələnin arxada qaldığını qeyd edən Z.Qaralov demişdir ki, həmin mərhələdə YAP tərəfindən təşkil edilmiş “Yeni Azərbaycan” təşviqat qrupu Mərkəzi Seçki Komissiyasında qeydiyyata alındıqdan sonra qanuna müvafiq qaydada fəaliyyətini qurmuş, yerlərdə çoxsaylı seminar-müşavirələr keçirilmişdir.
İclasın keçirilməsinin məqsədinin referendumla bağlı fevralın 18-dən başlanacaq təşviqat işinin yüksək səviyyədə təşkili üçün qarşıda duran vəzifələrin müəyyən edilməsindən, onun yüksək səviyyədə həyata keçirilməsi ilə əlaqədar fikir mübadiləsinin aparılmasından, müvafiq təlimat və tövsiyələrin verilməsindən ibarət olduğu qeyd edilmişdir.
İclasda təklif olunan əlavələr və dəyişikliklərin başlıca məqsədi haqqında izahat işlərinin təşkili istiqamətində fikir mübadiləsi aparılmışdır.