SİYASƏT
YAP XƏTAİ RAYON TƏŞKİLATI BƏLƏDİYYƏLƏRƏ 30 NAMİZƏD İRƏLİ SÜRMÜŞDÜR
Bakı, 28 oktyabr (AZƏRTAC). Dekabrda keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyasının (YAP) Xətai rayon təşkilatı hazırlıq işlərini yekunlaşdırmaq üzrədir.
Rayon təşkilatının sədri Hüseynbala Mirələmov bildirmişdir ki, rayonda yerləşən 2 bələdiyyə üzrə 30 nəfərin - Xətai bələdiyyəsinə 19, Əhmədli bələdiyyəsinə isə 11 nəfərin namizədliyi irəli sürülmüşdür. Artıq namizədlərin imzatoplama kampaniyası başa çatmaqdadır.
H.Mirələmov demişdir: “Yerlərdə insanlarla ünsiyyətdə oluruq, problemləri öyrənirik. Bələdiyyələr yerləşdikləri ərazilər üzrə məskunlaşmış insanların sosial problemləri ilə maraqlanmalı və bunları həll etməlidirlər. Bu baxımdan, YAP bələdiyyələrin fəaliyyətində səmərəliliyi artırmaq məqsədi ilə müxtəlif təşəbbüslərlə çıxış etmişdir. Onlardan biri də məhz partiyamızın seçkilərə getdiyi şüardır: Bələdiyyələr Azərbaycan xalqına daha ləyaqətlə xidmət etməlidir. Yəni, modernləşən, hərtərəfli inkişaf edən Azərbaycanın vətəndaşları yerlərdə daha layiqli xidmətlə qarşılaşmalıdırlar”.