SİYASƏT
YAP XƏTAİ RAYON TƏŞKİLATINDA SEÇKİ QƏRARGAHI YARADILMIŞDIR
Bakı, 10 sentyabr (AZƏRTAC). Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri, Milli Məclisin deputatı Hüseynbala Mirələmov bildirmişdir ki, bütün seçkilərdə xüsusi fəallıq nümayiş etdirmiş partiyanın rayon təşkilatı növbəti bələdiyyə seçkilərində fəal iştirak edəcəkdir.
Rayon təşkilatının sədri qeyd etmişdir ki, Azərbaycanda qarşıdan gələn bələdiyyə seçkilərinin dünya standartlarına uyğun keçirilməsi istiqamətində lazımi işlər görülür. Ölkənin aparıcı siyasi partiyası olan YAP da bu istiqamətdə səylərini əsirgəmir.
YAP Xətai rayon təşkilatı digər rayon təşkilatları kimi artıq hazırlıq işlərinə başlamış, 18 nəfərdən ibarət seçki qərargahı yaradılmışdır.
H.Mirələmov bildirmişdir ki, bu istiqamətdə fəaliyyət proqramı hazırlanmışdır: “İnanıram ki, təşkilatımız bu seçkilərdə də öz işini yüksək səviyyədə quraraq kampaniyanı uğurla başa vuracaqdır. 16 minə yaxın üzvü olan YAP Xətai rayon təşkilatı indiyə qədər ölkədə keçirilən bütün siyasi kampaniyalarda olduğu kimi, bu seçkilərdə də uğur qazanacaqdır”.