SİYASƏT
YAP YASAMAL RAYON TƏŞKİLATI BƏLƏDİYYƏ SEÇKİLƏRİNƏ HAZIRLAŞIR
Bakı, 1 sentyabr (AZƏRTAC). Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, Yasamal rayon təşkilatının sədri Fikrət İsmayılov bildirmişdir ki, ölkədə keçirilən seçkilərdə YAP-ın qələbəsini şərtləndirən əsas amil dövlətin yürütdüyü siyasətdir. Prezident İlham Əliyevin real proqram və layihələrdən ibarət sosial-iqtisadi tərəqqi konsepsiyasının uğurla həyata keçirilməsi ölkəmizin hərtərəfli inkişafını təmin edir.
F.İsmayılov qeyd etmişdir ki, YAP Yasamal rayon təşkilatı bələdiyyə seçkilərinə hazırlıqla bağlı üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməyə çalışır: “Əvvəlki seçki kampaniyalarında əldə etdiyimiz uğurları yenidən təkrarlamalıyıq. YAP Yasamal rayon təşkilatı bələdiyyə seçkilərinin keçirilməsinə hazırlıq məqsədi ilə fəaliyyət proqramı tərtib etmişdir və bu proqram əsasında hərəkət edir. Artıq seçici siyahılarının dəqiqləşdirilməsi ilə məşğul olan şəxslər müəyyənləşdirilmişdir və bu istiqamətdə işlər davam edir”.