DÜNYA
Yapon alimləri nadir kosmik qəzanı qeydə almışlar
Tokio, 24 fevral (AZƏRTAC). Yaponiya Aerokosmik Agentliyinin (JAKSA) mütəxəssisləri tərəfindən dünyada ilk dəfə bizim qalaktika daxilində təxminən üç milyon il əvvəl baş vermiş hiper yeni ulduzun partlayışının izləri qeydə alınmışdır.
Hiper yeni ulduzun şüalarının qalıqlarını “Kibo” Beynəlxalq Kosmik Stansiya (BKS) modulunda yerləşdirilmiş rentgen diapozonlu cihaz vasitəsilə qeydə almaq mümkün olmuşdur. Partlamış ulduz Qu bürcündə, bizim planetdən 5,5 min işıq ili məsafədə yerləşmişdir. Onun kütləsi Günəşdən on dəfələrlə, partlayışın gücü isə adi super yeni ulduzun partlayışından 100 dəfə çox olmuşdur. Bu kosmik hadisədən sonra diametri min işıq ili olan qaz buludu qalmışdır. Yerdən müşahidə edərkən bu hiper yeni ulduz Aydan 40 dəfə parlaq olmuşdur.
Astronomlar ulduz kütləsinin nüvəsində qravitasiya kollapsı nəticəsində baş verən partlayışları hiper yeni adlandırırlar. Belə nadir hadisələr 100 min və ya milyon ildə bir dəfə baş verir. Elmə keçmişdə baş vermiş səkkiz hiper yeni partlayış məlumdur, lakin onların heç biri bizim qalaktika daxilində baş verməmişdir. JAKSA tərəfindən kəşf edilmiş partlayış isə bizim qalaktika daxilində baş vermiş ilk belə hadisədir.
Belə güclü kosmik partlayışlar radioaktiv qığılcımlara səbəb ola bilər ki, bu da Yer kürəsində həyat üçün təhlükə yarada bilər. Alimlər belə güman edirlər ki, Qu bürcündə yerləşən hiper yeni ulduzun partlayışı da Yer biosferində mənfi hallara səbəb olmuş və bəzi növlərin yoxa çıxmasına gətirib çıxarmışdır.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio