DÜNYA
Yaponiya Çin və Cənubi Koreyaya üçtərəfli sammiti gələn ilin aprelində keçirməyi təklif edib
Tokio, 30 dekabr, AZƏRTAC
Yaponiya hökuməti Çin və Cənubi Koreyaya liderlərin üçtərəfli sammitini 2018-ci ilin aprelində keçirməyi təklif edib.
AZƏRTAC Kyodo agentliyinə istindla xəbər verir ki, yapon tərəfi sammitin aprelin 4-dən 9-dək keçirilməsini təklif etsə də, Çin hələlik buna cavab verməyib. Cənubi Koreya isə öz növbəsində görüşün apreldə təşkili üçün lazım olan bütün hazırlıqları həyata keçirməyə hazır olduğunu bildirib.
Bu ayın əvvəllərində Yaponiya hökumətinin sammiti 2018-ci ilin yanvarında keçirməyi təklif etdiyi barədə xəbərlər yayılmışdı. Bu cür tələskənliyin səbəbi Tokionun Şimali Koreya məsləsində Seul və Pekinlə mövqeləri razılaşdırmaq istəyindən irəli gəlməsi ilə izah edilirdi. Lakin hər şeydən göründüyü kimi, Yaponiya tərəfi Çin ilə razılığa gələ bilmədiyinə görə, görüşün tarixi yazadək təxirə salınıb.
Xatırladaq ki, son belə görüş 2015-ci ilin noyabrında Seulda baş tutub. Belə görüşlərdə Çini adətən Baş nazir təmsil edir. Plana əsasən, növbəti belə sammit hələ ötən il keçirilməli idi. Lakin Cənubi Koreyadakı siyasi qeyri-sabitlik nəticəsində sabiq Prezident Pak Kın Henin istefası buna mane olmuşdu.
Yaponiya, Cənubi Koreya və Çin liderlərinin üçtərəfli sammiti 2008-ci ildən başlayaraq təşkil olunur və artıq altı belə görüş keçirilib.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio