DÜNYA
Yaponiya Çinin Rusiyadan qırıcı təyyarələr və sualtı qayıqlar almasına görə narahatlığını bildirmişdir
Tokio, 28 mart (AZƏRTAC). Yaponiyanın müdafiə naziri İçunori Onodera Çinin Rusiyadan qırıcı təyyarələr və sualtı qayıqlar almasına görə ölkəsinin narahatlığını bildirmişdir.
Martın 26-da İ.Onodera müdafiə naziri kimi Rusiyanın Yaponiyadakı səfiri Yevgeni Afanasyevlə ilk görüşünü keçirmişdir. Görüş zamanı İ.Onodera Çin ilə Rusiya arasında bu yaxınlarda Çin tərəfindən Rusiya qırıcı təyyarələrinin və sualtı qayıqlarının alınması ilə bağlı müqaviləyə toxunmuşdur. Yaponiyanın müdafiə naziri səfirə demişdir ki, Çin son on ildə öz hərbi büdcəsini təxminən dörd dəfə artırmışdır. Bu, Yaponiya da daxil olmaqla, qonşu ölkələrdə narahatlıq doğurur.
Y.Afanasyev demişdir ki, Rusiya əvvəllər də Çin ilə müdafiə sahəsində əməkdaşlıq etmişdir və bağlanmış müqavilə beynəlxalq qaydalara uyğundur.
İ.Onodera bildirmişdir ki, Rusiya Yaponiya üçün mühüm əhəmiyyət kəsb edən ölkələr siyahısına daxildir. Yaponiya bu ölkə ilə müdafiə sahəsində əməkdaşlığı genişləndirməkdə maraqlıdır.
Y.Afanasyev cavabında bildirmişdir ki, Rusiya və Yaponiya bir-biri ilə nazirlər səviyyəsində siyasi fikir mübadiləsini genişləndirməlidir və Rusiyanın müdafiə naziri yaxın zamanlarda Yaponiyaya səfərə hazırlaşır.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio