CƏMİYYƏT
Yaponiya hökumətinin maliyyə dəstəyi ilə Lənkəran rayonunun Zövlə kəndində inşa edilmiş həkim məntəqəsi istifadəyə verilmişdir
Lənkəran, 19 iyul (AZƏRTAC). İyulun 19-da Yaponiya hökumətinin Azərbaycanda həyata keçirdiyi “Ot kökləri və insan təhlükəsizliyi qrant yardımı proqramı” çərçivəsində Lənkəran rayonunun Zövlə kəndində tibb məntəqəsinin tikintisi layihəsinin başa çatması münasibətilə mərasim keçirilmişdir.
AZƏRTAC xəvər verir ki, layihə üzrə qrant müqaviləsi martın 5-də Yaponiyanın Azərbaycandakı səfirliyi ilə Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı (ADTGT) arasında imzalanmışdır.
Layihənin məqsədi Zövlə və ona yaxın üç kəndin sakinlərinə göstərilən tibbi xidmətin səviyyəsini yaxşılaşdırmaqdır. Ümumi məbləği 123 min 400 ABŞ dolları təşkil edən layihədən ərazidə yaşayan 5 min 800 nəfər faydalanacaqdır.
Mərasimdə çıxış edən ADTGT-nin sədri Asif Əsgərli qısa vaxt ərzində uğurla həyata keçirilən layihəyə uyğun görülmüş işlər barədə məlumat vermişdir. O, həmçinin yüksələn xətlə inkişaf edən Yaponiya-Azərbaycan siyasi, iqtisadi, humanitar-mədəni və sosial infrastruktur əməkdaşlığı barədə söhbət açaraq bu əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə çatdığını bildirmişdir.
Yaponiyanın Azərbaycandakı səfirliyinin müşaviri xanım Hideko Ono çıxışında layihəni icra edən ADTGT-nin qısamüddətli fəaliyyətinə yüksək qiymət verərək layihəyə dəstək verən rayon rəhbərliyinə təşəkkürünü bildirmiş, səfirliyin bu istiqamətdə işlərini bundan sonra da davam etdirəcəyini demişdir.
Tədbirdə çıxış edənlər rayonda yerli əhəmiyyətli sosial problemlərin həllinə göstərilən dəstəyə görə Yaponiya hökumətinə minnətdarlıqlarını bildirmişlər. Qeyd olunmuşdur ki, bu layihə də daxil olmaqla Yaponiya hökuməti tərəfindən indiyədək Lənkəran rayonunda 4 layihə üzrə qrant müqaviləsi imzalanmışdır.