DÜNYA
Yaponiya ilə Koreya Respublikası arasında məsləhətləşmələr keçirilib
Tokio, 15 noyabr, AZƏRTAC
Noyabrın 15-də Yaponiya ilə Koreya Respublikası arasında Xarici İşlər nazirliklərinin departament rəhbərləri səviyyəsində məsləhətləşmələr keçirilib.
AZƏRTAC Yaponiya KİV-lərinə istinadla xəbər verir ki, görüşdə İkinci Dünya müharibəsi zamanı məcburi əməklə əlaqədar tərəflər arasında konsensus əldə edilməyib.
Bildirilir ki, Yaponiya tərəfi növbəti dəfə Koreya Respublikasını əvvəllər əldə olunan razılaşmalara və beynəlxalq hüququn normalarına əməl etməyə çağırıb.
Xatırladaq ki, 2018-ci ildə Koreya Respublikasının Ali Məhkəməsi Yaponiyanın “Nippon Steel & Sumitomo Metal” şirkətinin İkinci Dünya müharibəsi zamanı məcburi əməyə cəlb etdiyi koreyalılara əlavə kompensasiya ödəməsi barədə qərar qəbul edib. Məhkəmənin qərarını rədd edən Yaponiya hökuməti bu məsələnin 1965-ci ildə Tokio ilə Seul arasında imzalanmış müqavilə ilə tənzimləndiyini bildirib.
Koreya Respublikasının bu ölkədəki yapon şirkətlərinin əmlakının müsadirə olunması barədə qərarından sonra Yaponiya hökuməti iyulun əvvəllərində bu ölkəyə ixrac edilən bir sıra məhsullara nəzarəti gücləndirib.
Tərəflər arasındakı gərginlik qarşılıqlı iqtisadi qadağalarla daha da kəskinləşib.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio