DÜNYA
Yaponiya parlamentinin yuxarı palatası Ukraynada status-kvonun dəyişidirlməsinin əleyhinə çıxış edib
Tokio, 9 fevral, AZƏRTAC
Yaponiya parlamentinin yuxarı palatasının deputatları Ukraynada vəziyyətin gərginləşməsindən narahatlıq ifadə edərək, bu ölkədə status-kvonun güc yolu ilə dəyişdirilməsinin əleyhinə çıxış ediblər.
AZƏRTAC xəbər verir ki, bu barədə parlamentin yuxarı palatasının fevralın 9-da bəyəndiyi qətnamənin mətnində bildirilir.
“Ukrayna sərhədlərində vəziyyət xarici dövlətlər tərəfindən gərginləşib və hazırda gərginliyin davam etməsi bizi dərindən narahat edir. Söhbətin hansı ölkədən getməsindən asılı olmayaraq, status-kvonun güc yolu ilə dəyişdirilməsi qətiyyən yolverilməzdir”, - deyə parlamentin həm hakim, həm də müxalifət partiyalarından olan deputatların dəstəklədiyi qətnamənin mətnində vurğulanır. Yaponiya parlamentinin aşağı palatası da bir gün əvvəl müvafiq qətnamənin mətnini bəyənib.
Qətnaməni şərh edən Yaponiyanın xarici işlər naziri Yoşimasa Hayaşi bəyan edib ki, Yaponiya hökuməti davamlı şəkildə Ukraynanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir və maraqlı ölkələri gərginliyi azaltmağa, problemi dialoq yolu ilə həll etməyə çağırır.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio