DÜNYA
Yaponiya və ABŞ hökumətləri TPP üzrə danışıqlar barədə birgə bəyənatla çıxış etmişlər
Tokio, 24 fevral (AZƏRTAC). Yaponiya və ABŞ təsdiq etmişlər ki, Yaponiyanın Trans-Sakit okean tərəfdaşlığı (TPP) çərçivəsində azad ticarət barədə müqavilənin imzalanması üzrə danışıqlarda iştirak etməsi üçün bütün tariflərdən imtina haqqında öhdəlik götürməsinə ehtiyac yoxdur.
Yaponiyanın Baş naziri Şinzo Abe ilə ABŞ Prezidenti Barak Obama arasında fevralın 22-də keçirilmiş ilk samitdən sonra iki ölkənin hökumətləri birgə bəyanat dərc etmişlər.
Sənəddə qeyd edilir ki, əgər Yaponiya ABŞ-ın rəhbərlik etdiyi bu danışıqlara qoşularsa bütün əmtəə növləri müzakirə predmeti olacaqdır. Həmçinin bildirilir ki, Yaponiya yüksək standartlar əsasında hərtərəfli razılığın əldə edilməsi üçün danışıqlar prosesinin digər üzvlərinə qoşulacaqdır.
Bununla yanaşı bəyanatda qeyd edilir ki, hər iki tərəf qarşılıqlı ticarətdə xüsusi münasibət tələb edən malların olduğunu qəbul edir. Yaponiya tərəfdən bu siyahıya kənd təsərrüfatı məhsulları, ABŞ tərəfdən isə sənaye məhsullarının bəzi kateqoriyaları daxildir.
İki ölkənin hökumətləri təsdiq edirlər ki, son nəticəyə danışıqların davam etməsi yolu ilə gəlmək mümkündür.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio