DÜNYA
Yaponiya və Çinin xarici işlər nazirləri ölkələrinin liderlərinin görüşü barədə razılığa gəliblər
Tokio, 3 avqust, AZƏRTAC
Yaponiyanın xarici işlər naziri Taro Kono çinli həmkarı Van İ ilə münasibətlərin yaxşılaşdırılması məqsədilə ölkələrinin liderlərinin qarşılıqlı səfərlərinin təşkili barədə razılığa gəliblər.
Yaponiya Xarici İşlər Nazirliyindən AZƏRTAC-ın Tokiodakı bürosuna verilən məlumata görə, bu barədə razılıq nazirlərin avqustun 2-də Sinqapurda keçirilən görüşü zamanı əldə edilib.
Nazirlər cari ilin sonlarında Yaponiyanın Baş naziri Şinzo Abenin Çinə və ÇXR-in sədri Si Cinpinin Yaponiyaya cavab səfərinin təşkilinin sürətləndirilməsi barədə razılıq əldə ediblər.
Çinli nazir bildirib ki, son vaxtlar iki ölkə arasında münasibətlər normal istiqamətə qayıdaraq inkişaf edir və o, ümid edir ki, bu proses dönməz xarakter alacaq.
T.Kono isə qeyd edib ki, iki ölkə arasında həm Şimali Koreya, həm də digər məsələlərlə bağlı əlaqələrin güclənməsi beynəlxalq ictimaiyyətin də ümidlərinə cavab verir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio