DÜNYA
Yaponiyada gavalı festivalı - Ume maçuri keçirilir
Tokio, 24 fevral (AZƏRTAC). Yaponiyada sakuranın çiçəkləməsi, yaponların həmin ağacların yerləşdiyi ərazilərə gedərək bu mənəzərədən necə zövq alması barədə çox yazılmışdır. Lakin bu gündoğar ölkədə yazın ilk çiçəkləri məşhur sakuralarda deyil, məhz “ume” adlandırılan gavalı ağaclarında açır. Sakuradan fərqli olaraq, gavalı ağacları fevralda çiçəkləməyə başlayır. Gavalı ağacının çiçəklərindən zövq almaq ənənəsi ohanami adlanır, bu zaman həmin ifadəyə ume ieroqlifi əlavə edilir. Sakura kimi, gavalı ağaclarının da bu ölkədə çoxlu növləri məlumdur. Sakuradan fərqli olaraq, gavalı çiçəkləri çox güclü ətirə malikdir.
Yapon gavalısı ume, bəzən onu “yapon əriyi” də adlandırırlar, Yaponiya mədəniyyətində əsrlər boyu xüsusi rol oynamışdır. Çiçək açmış gavalıdan zövq almaq ənənəsinin əsası isə buraya Çindən keçmişdir. Yazda ilk açan gavalı çiçəkləri yapon poeziyasında çox zaman baharın rəmzi kimi təqdim olunur. VIII əsrdə İmperator Naranın dövründə gavalı çiçəklərindən zövq almaq ənənəsi sakuranınkından üstün olmuşdur.
Yaponiyada gavalı ağacları ilk olaraq Cənubda çiçəkləyir. Tokioda isə bu, fevralın ortalarına və martın əvvəllərinə təsadüf edir. Gavalı ağaclarının çiçəkləməsinə həsr edilmiş festivallar Yaponiyanın hər yerində - parklarda və məbədlərdə təşkil olunur. Bu bayram Ume maçuri adlanır. Tokioda gavalı çiçəkləri ilə zövq almaq üçün insanların ən çox toplaşdığı yerlər Koişikava Korakuen, Haneqi parkları və Yuşima Tengin məbədidir.
Fevralın 8-dən martın 8-dək davam edən gavalı festivalı istirahət və qeyri-iş günlərində müxtəlif tədbirlərlə qeyd olunur.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio