DÜNYA
Yaponiyada insanın yorğunluq dərəcəsini müəyyənləşdirən eynək icad edilmişdir
Bakı, 14 may (AZƏRTAC). Yaponiyada insanın nə dərəcədə yorulduğunu müəyyənləşdirən eynək icad edilmişdir. Bu nadir eynəyin müəllifi “Audi A6” avtomobilinin dizaynını yaratmış Satosi Vadadır.
Eynəyin çərçivəsi insanın neçə dəfə göz qırpdığını, göz damarlarının elektrik potensialının necə dəyişdiyini qeydə alan bir neçə sensorla təchiz olunmuşdur. Sonra bu məlumatlar “Bluetooth 4.0” vasitəsilə planşetə (smartfona) ötürülür.
Beləliklə, eynəyin sahibi xüsusi əlavə qurğunun köməyi ilə orqanizmin yorulduğunu öyrənə biləcəkdir.
Alimlər belə hesab edirlər ki, bu ixtira xüsusən avtomobildə səyahətə çıxanlar üçün qəzaların qarşısının alınmasında çox faydalı olacaqdır. Belə eynəklərdən idmançılar və fitneslə məşğul olan adamlar da yararlana biləcəklər. Bu qurğu onlara bədənin daha düzgün vəziyyətini göstərəcəkdir.
Eynəyin batareyası səkkiz saat işləyir. Təqribən bir ildən sonra yeni eynəklər satışa buraxılacaqdır.