DÜNYA
Yaponiyanın Baş naziri Şimali Koreya lideri ilə ilkin şərtlər olmadan görüşməyə hazırdır
Tokio, 15 sentyabr, AZƏRTAC
Yaponiyanın Baş naziri Fumio Kişida Şimali Koreya lideri Kim Çen In ilə ilkin şərtlər olmadan görüşməyə hazırdır.
AZƏRTAC xəbər verir ki, bunu sentyabrın 16-da Tokioda keçirilən mətbuat konfransında Yaponiya Nazirlər Kabinetinin baş katibi Hirokazu Matsuno bəyan edib.
“Ölkəmiz ardıcıl olaraq Yaponiya-Şimali Koreya Bəyannaməsi (2002) əsasında Şimali Koreya tərəfindən oğurlanan Yaponiya vətəndaşlarının, nüvə və raket problemlərinin hərtərəfli həllinin tərəfdarıdır. Uğursuz keçmişin üstündən xətt çəkərək münasibətlərin normallaşmasına çalışırıq. Bu istiqamət dəyişməzdir. Biz oğurlanan vətəndaşlarımızın tezliklə vətənlərinə qayıtması üçün bütün tədbirləri görməyə hazırıq”, - deyə baş katib bildirib.
Rəsmi Tokionun bildirdiyinə görə, Şimali Koreyanın xüsusi xidmət orqanları ötən əsrin 70-ci illərində 17 Yaponiya vətəndaşını oğurlasa da, yalnız 13 nəfər barədə bu fakt təsdiq edilib. Onlardan beşi sabiq Baş nazir Zyuniçiro Koizuminin 2002-ci və 2004-cü illərdə Şimali Koreyaya səfərlərindən sonra Yaponiyaya qaytarılıb. Şimali Koreya tərəfinin bildirdiyinə görə daha səkkiz nəfər həlak olub. Yaponiya təqdim edilən sübutları saxta hesab edərək girovların hamısının qaytarılmasını tələb edir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio