DÜNYA
Yaponiyanın Mərkəzi Bankı və hökumət inflyasiyanın 2 faiz həddinə çatdırılmasına çalışacaqlar
Tokio, 23 yanvar (AZƏRTAC). Yaponiya Bankı və hökumət inflyasiya həddinin 2 faizə çatdırılmasının məqsəd kimi qarşıya qoyulduğunu təsdiq edən birgə bəyanat yaymışlar. Bu, qarşıya aydın məqsədin qoyulduğu görünməmiş addım kimi qiymətləndirilir.
Yanvarın 22-də Yaponiya Bankının rəhbərliyi Baş nazir Şinzo Abenin hökumətlə Mərkəzi Bankın əlaqələrinin gücləndirilməsi barədə tələbinin üç gün davam edən müzakirələrinə yekun vurmuşdur.
Birgə bəyanatda qeyd edilmişdir ki, Mərkəzi Bank “qiymət sabitliyinin məqsədini” 2 faiz həddində müəyyən etmişdir. Bank əvvəllər “qiymət sabitliyinin məqsədini” hələlik 1 faiz həddində müəyyən etmişdi.
Sənəddə bildirilir ki, Mərkəzi Bank “maliyyə yumşaldılmasını davam etdirərək, yaxın gələcəkdə məqsədə nail olmağa çalışacaqdır”.
Burada, həmçinin qeyd olunur ki, hökumət makroiqtisadi siyasətin çevik idarəsinə çalışaraq, rəqabətə davamlılığın və inkişafın artması üçün lazımi tədbirləri cəsarətlə həyata keçirəcəkdir.
Bəyanatda xüsusi olaraq vurğulanır ki, iqtisadi və fiskal siyasət üzrə Şura monetar siyasət də daxil olmaqla, makroiqtisadi siyasətin həyata keçirilməsindəki tərəqqini müntəzəm şəkildə qiymətləndirəcəkdir.
Bildirilmişdir ki, Mərkəzi Bank məhdudiyyətsiz olaraq aktivlərin əldə edilməsini həyata keçirəcəkdir.
Bank gələcəkdə əlavə maliyyə yumşaldılmaları siyasətini davam etdirəcəyini nümayiş etdirmək niyyətindədir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio