İQTİSADİYYAT
Yararsız mallar satışdan çıxarılaraq məhv edilmişdir
Bakı, 13 dekabr (AZƏRTAC). İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti növbəti monitorinqlər keçirmişdir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Nərimanov rayonunda "Əsmər market"də, Fazil Rüstəmova məxsus mağazada, Binəqədi rayonunda "Sənan", "Makros", "Banana" marketlərdə, Nəsimi rayonunda Ağa Nağıyevə məxsus marketdə, "Şahbaz", "Real-S", Nizami rayonunda "Ruzi" marketlərdə, Füzuli rayonunda Rövşən Quliyevə, Göygöl rayonunda Mehriban Cəfərovaya və Şükür Mahmudova məxsus mağazalarda ümumi çəkisi 230 kiloqramdan artıq saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan ərzaq malları aşkarlanmış, satışdan çıxarılaraq məhv edilmişdir.
Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq ediləcəkdir.