MƏDƏNİYYƏT
Yardımlı məktəblilərinin ölkənin qərb bölgəsinə ekskursiyası başlandı
Yardımlı, 22 avqust (AZƏRTAC, Bağır Əliyev). Avqustun 22-də “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində təşkil olunmuş maarifləndirici tur-aksiyasının Yardımlı rayonundan olan iştirakçılarının Gəncə-Şəmkir-Göygöl marşrutu üzrə yola salınması mərasimi keçirildi.
AZƏRTAC xəbər verir ki, tur-aksiyanın iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad etdilər.
Rayonun rəhbər işçiləri, müəllimlər və valideynlər “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində ölkəmizdə ilk dəfə təşkil olunmuş maarifləndirici tur-aksiyanın iştirakçılarına uğurlu yol, mənalı istirahət arzuladılar.
Qrupun rəhbəri, Xocavənd kənd tam orta məktəbinin tarix müəllimi Zamiq Əliyev, Yardımlı şəhər 2 nömrəli tam orta məktəbinin XI sinif şagirdi Ülvi Kərimli, Qabaqdibi kənd tam orta məktəbinin XI sinif şagirdi Mahir Cümşüdlü və başqaları dörd gün davam edəcək tur-aksiyanın təşkilindən razılıqlarını ifadə edərək göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirdilər.
Sonra tur-aksiyanın iştirakçıları onlar üçün ayrılmış rahat avtobusa əyləşib Gəncə-Şəmkir-Göygöl marşrutu istiqamətində yola düşdülər.