İQTİSADİYYAT
Yardımlı rayonunun Bozayran kəndinə ilk dəfə təbii qaz verilmişdir
Bakı, 14 mart (AZƏRTAC). ARDNŞ-in “Azəriqaz” İstehsalat Birliyi (İB) tərəfindən ölkənin hər yerində qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması istiqamətində məqsədyönlü tədbirlər uğurla davam etdirilir.
AZƏRTAC xəbər verir ki, Yardımlı rayonunun Bozayran kəndinə ilk dəfə olaraq təbii qazın verilməsi münasibətilə təntənəli mərasim keçirilmişdir. Tədbirdə Yardımlı Rayon İcra Hakimiyyətinin, “Azəriqaz” İB-nin rəhbərliyi və ictimaiyyət nümayəndələri iştirak etmişlər. Bildirilmişdir ki, 280 abonenti olan Bozayran kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında 27000 metr uzunluğunda müxtəlif diametrli polietilen boru çəkilmiş, 280 ədəd qaz sayğacı və fərdi tənzimləyici quraşdırılmışdır.
Tədbirdə çıxış edənlər kəndin “mavi yanacaq”la təchiz olunmasına görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.