DÜNYA
“Yaşıl energetika” neftin və qazın rəqibinə çevriləcək
Abu-Dabi, 17 yanvar, AZƏRTAC
Son 5 ildə dünyada “yaşıl energetika” sahəsinə 1 trilyon dollar sərmayə qoyulub və hazırda bu sahədə 10 milyona yaxın iş yeri var.
AZƏRTAC xəbər verir ki, Beynəlxalq bərpa olunan enerji mənbələri agentliyinin (İRENA) Abu-Dabidə keçirilmiş 8-ci assambleyasında Tədbirdə agentliyin bərpa olunan enerji mənbələrinin iqtisadiyyatına dair yeni məruzə (Renewable Power Generation Costs 2017) təqdim edilib.
Məruzədən məlum olur ki, bərpa olunan enerji mənbələri əsasında elektrik enerjisi istehsalının dəyəri sürətlə azalır. Belə ki, bir neçə ildən sonra “yaşıl energetika” qazıntı şəklində ənənəvi yanacaq növləri ilə müqayisədə daha ucuz olmalıdır.
Bildirilir ki, 2010-2017-ci illərdə günəş energetikası əsasında elektrik enerjisi istehsalının dəyəri 73 faiz azalıb. İRENA agentliyinin məlumatına görə, 2017-ci ildə bir kilovat-saat enerji istehsalının dəyəri 10 sentə düşüb. Agentliyin proqnozlarına görə, 2020-ci ilə qədər bu rəqəm 2 dəfə azalacaq və bərpa olunan enerji mənbələri qazıntı şəklində yanacaqla rəqabət aparmağa qabil olacaq.
“Forbes” jurnalı bildirir ki, Dubay, Abu-Dabi, Səudiyyə Ərəbistanı, Meksika, Peru və Çilidə keçirilmiş hərraclarda günəş enerjisi üzrə misli görünməmiş aşağı qiymətlər qeyd alınıb. Müvafiq qaydalara düzgün riayət edilsə, bir kilovat-saat enerji istehsalının dəyəri 3 sentə düşə bilər.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Abu-Dabi