MƏDƏNİYYƏT
“YAY!” qalereyasında gənc rəssam Ramal Kazımovun fərdi sərgisi açılmışdır
Bakı, 29 noyabr (AZƏRTAC). Noyabrın 29-da “YARAT!” Müasir İncəsənət Məkanının “YAY!” qalereyasında gənc rəssam Ramal Kazımovun fərdi sərgisi açılmışdır.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının məzunu olan Ramal Kazımovun bitkin və müəyyən qədər tutqun üslubu ekspressionist rəssamların obrazlarının yaratdığı təəssürat nəticəsində formalaşmışdır. Gənc rəssam qadağan edilmiş məsələləri qəbul etmir.
Ramal Kazımovun yaratdığı əsərlərdə Frensis Bekon ilə Munkun reallıqla çarpışması təsvir olunmuşdur. Son nöqtəyə qədər həyat savaşı aparan və sözün əsl mənasında öz döş qəfəslərini yortan personajlar tamaşaçıları çaşdırırlar.
Onlar tikanlar və şüşə qırıntıları aləmində güzəranlarını keçirirlər və özlərinə bənzər personajlar izdihamını yarıb keçməklə qəm, ehtiras və haraydan korlanmış simaları ilə və sanki ifrat əsəb gərginliyindən qıc olmuş vücudları ilə nur aləminə yol açırlar. Onların açıq-aşkar çılpaqlığı bilərəkdən gözləri oxşayan məlahətdən məhrumdur və tamaşaçıları utanmaq hissi keçirməyə vadar edir. Bəzi personajlar “qorxu”, “xəcalət” və “həyəcan” məfhumlarının vizual əksinə bənzəyirlər.
Rəssamın yaratdığı əsərlərdə izhar olunan təhrikçilik qatı humanizm tərəfdarı sayılan və ədalətsizliyin bütün əlamətlərini pisləyən Ramal Kazımovun xasiyyəti ilə uyğunsuzluq təşkil edir. Fəqət, məhz xasiyyət yumşaqlığı və ziyalılığı hesabına “Abstinensiya” və “Diqqətdən kənar” kimi mənalı adlandırılmış əsərlərin müəllifi cəmiyyətin bütün ağrılı nöqtələrini tam hiss edə bilir.
Sərginin mərkəzində bir-birinə sarmaşan altı vücuddan ibarət heykəl kompozisiyası yerləşir. “Təbəqələşmə” adlı əsər getdikcə uğurlu və uğursuzlara, həssas və özündən əmin olanlara, tanınan və səfillərə bölünən cəmiyyətin mərsiyəsidir. Əsərin əsasını insan kütləsini müxtəlif qruplara və təbəqələrə bölməyə imkan yaradan saysız-hesabsız prinsiplər təşkil edir. Fərdi təcrübəyə və dəyərlər sisteminə əsaslanaraq, bütün insanlar öz mövcudluqlarının sərhədini müəyyənləşdirirlər.
1987-ci ildə Gəncə şəhərində anadan olmuş və 2004-cü ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasını bitirmiş Ramal Kazımovun artıq yetkin və eyni zamanda, müəyyən dərəcədə tünd rənglərə üstünlük verən üslubu peşəkar tənqidçilər tərəfindən yüksək qiymətləndirilmişdir.
Peşəkar rəssam kimi fəaliyyətə başlamasından az müddət keçməsinə baxmayaraq Ramal Kazımov indiyədək bir sıra nüfuzlu sərgilərdə iştirak etmişdir. Bunlar arasında 2006-cı ildə Şimali Kiprin Yakın Doğu Universitetində keçirilən, 2007-ci ildə İsrail Dövlətinin qurulmasının 60-cı ildönümünə həsr olunan, 2011-ci ildə “Almaniya Azərbaycan rəssamlarının gözü ilə”, elə həmin ildə “YARAT!” Müasir İncəsənət Məkanı tərəfindən təşkil olunan “Ön söz” və nəhayət bu il yenə də “YARAT!”ın təşkil etdiyi “Birləşən körpülər” adlı sərgilər xüsusi yer tutur.
Bir ay davam edəcək sərgidə nümayiş etdirilən əsərlər Bakının mədəniyyət həyatının mərkəzi mövzularından birinə çevriləcəkdir.