DÜNYA
Yazıçı Naoki İnosenin Tokionun yeni qubernatoru olmaq ehtimalı daha çoxdur
Tokio, 17 dekabr (AZƏRTAC). Tokio qubernatorunun keçmiş müavini, 66 yaşlı Naoki İnose, çox güman ki, Yaponiya paytaxtının yeni qubernatoru olacaqdır.
Dekabrın 16-da keçirilmiş Tokio qubernatoru seçkilərindən dərhal sonra yerli vaxtla saat 20-də səslərin hesablanmasına başlanılmışdır. Seçkiqabağı araşdırmalar və NHK televiziya kanalının apardığı rəy sorğusu deməyə əsas verir ki, N.İnose digər namizədlər üzərində inamlı qələbə qazanacaqdır.
N.İnose seçkiqabağı kampaniyası zamanı bildirmişdir ki, əgər seçkilərdə qalib gələrsə keçmiş qubernator Sintaro İsiharanın siyasətini davam etdirəcək, 2020-ci ildə Yay Olimpiya Oyunlarının Tokioda keçirilməsinə çalışacaq, Yaponiya paytaxtının güclü zəlzələlərə qarşı hazır olması üçün lazımi tədbirlər görəcəkdir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio