SİYASƏT
YEDDİ YÜZƏ YAXIN MƏCBURİ KÖÇKÜN AİLƏSI ÜÇÜN ÇOXMƏRTƏBƏLİ YAŞAYIŞ BİNALARI TİKİLƏCƏKDİR
DÖVLƏT BAŞÇISI BU MƏQSƏDLƏ 3 MİLYON MANAT VƏSAİT AYRILMASI HAQQINDA SƏRƏNCAM İMZALAMIŞDIR
Bakı, 2 sentyabr (AZƏRTAC). Sentyabrın 2-də Azərbaycan Prezidenti İlham Əliyev “Məcburi köçkün ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Sərəncam imzalamışdır.
Sərəncamda qeyd edilir ki, “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” uğurla icra olunur. Ölkənin ayrı-ayrı şəhər və rayonlarında qaçqın və məcburi köçkün ailələri üçün 61 yeni qəsəbə salınmış, 150-dən artıq təhsil, 50-yə yaxın səhiyyə, 30-dan artıq rabitə müəssisələri, onlarla mədəniyyət ocağı tikilib istifadəyə verilmiş, müvafiq infrastruktur yaradılmışdır. Hazırda məcburi köçkünlərin sosial problemlərinin həlli, mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində işlər ardıcıl davam etdirilir.
Dövlət başçısı proqrama uyğun olaraq 700-ə yaxın məcburi köçkün ailəsi üçün yeni çoxmərtəbəli yaşayış binalarının tikilməsi məqsədilə 2009-cu ilin dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə 3 milyon manat məbləğində vəsait ayrılması barədə qərar qəbul etmişdir.
Sənəddə Dövlət Neft Fonduna qurumun 2010-cu il büdcəsi layihəsində məcburi köçkün ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması sahəsində işlərin davam etdirilməsi üçün müvafiq məbləğdə vəsait nəzərdə tutmaq tapşırılmışdır.