SİYASƏT
Yekaterinburqda ulu öndər Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr edilmiş ekspozisiya açılmışdır
Yekaterinburq, 11 may (AZƏRTAC). Azərbaycanın Yekaterinburdakı Baş konsulluğunun təşkilatçılığı ilə Rusiyanın böyüklüyünə görə bu üçüncü şəhərinin Ölkəşünaslıq Muzeyində ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr edilmiş daimi ekspozisiyanın təntənəli açılış mərasimi keçirilmişdir.
Tədbirdə Sverdlovsk vilayəti qubernatorunun müşaviri, professor V.Dubiçev, ombudsman Y.Merzlyakova, sosial siyasət məsələləri naziri A.Zlokazov, habelə ictimaiyyətin, diplomatik korpusun, diasporun, tələbə gənclərin və KİV-lərin nümayəndələri iştirak etmişlər.
Tədbiri təbrik nitqi ilə açan baş konsul Sultan Qasımov ömrünü xalqa xidmətə və Vətənin tərəqqisinə həsr etmiş dünya miqyaslı siyasi xadimin həyat və fəaliyyətindən söz açmışdır.
Tədbirdə çıxış edənlər Heydər Əliyevin xidmətlərini və müstəqil dövlət kimi Azərbaycanın inkişafına misilsiz töhfəsini vurğulamışlar. Bildirilmişdir ki, Heydər Əliyevin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən məqsədyönlü siyasəti sayəsində Azərbaycan keçmiş SSRİ məkanında lider dövlətlərdən birinə çevrilmişdir. Xüsusi qeyd edilmişdir ki, ümummilli liderin və böyük şəxsiyyətin xatirəsi hər bir azərbaycanlının ürəyində əbədi yaşayacaqdır.