DÜNYA
Yəmən yerüstü əməliyyatların keçirilməsinə dair xahişinə müsbət cavab alıb
Bakı, 31 mart, AZƏRTAC
Yəmən yaxın zamanlarda yerüstü əməliyyatların keçirilməsinə dair xahişinə ərəb ölkələrindən müsbət cavab alıb.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə martın 31-də “Əl-Ərəbiyə” televiziya kanalına Yəmənin xarici işlər naziri Riyad Yasin məlumat verib.
Fars körfəzindəki ərəb ölkələrinin əməkdaşlıq şurası təşkilatının lideri olan Səudiyyə Ərəbistanının başçılıq etdiyi və 10 ölkənin daxil olduğu koalisiya martın 26-dan etibarən Yəməndə “Ənsar Allah” üsyançı şiə qruplaşmasının mövqelərinə hava zərbələri endirməklə “Qətiyyət tufanı” əməliyyatına başlayıb.
Nazirin sözlərinə görə, Yəmən prezidenti Abd Rabbo Mənsur Hadi yaxın günlərdə ölkəsinin bu təşkilata bərabər hüquqlu üzv seçilməsinə dair rəsmi müraciət edəcək. Bu addım regionda İranın təsirinin yayılmasına qarşı yönəlib.
Qeyd edək ki, BMT nümayəndəsi koalisiyanın Yəmənə endirdiyi hava zərbələri nəticəsində 150-dən çox dinc sakinin həlak olduğunu bildirib.