İQTİSADİYYAT
Yeni aerovağzal kompleksi iki ildən sonra istifadəyə veriləcəkdir
Bakı, 5 iyun (AZƏRTAC). Heydər Əliyev Beynəlxalq Aeroportunun ərazisində inşa olunan yeni aerovağzal kompleksi iki ildən sonra istifadəyə veriləcəkdir.
Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasının direktoru Arif Məmmədov AZƏRTAC-a bildirmişdir ki, bu ilin ən möhtəşəm mərasimlərindən biri Bakıda Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni müasir aerovağzal kompleksinin tikintisinə başlanılmasıdır. Tikinti 2013-cü ildə başa çatmalıdır.
Milli və müasir memarlıq ənənələri əsasında üçbucaq formasında inşa ediləcək dördmərtəbəli yeni kompleksin görünüşü təyyarəni xatırladır. Kompleks istifadəyə verildikdən sonra buradan beynəlxalq aviareyslər yerinə yetiriləcəkdir. Burada ən son elmi-texniki yeniliklər tətbiq ediləcəkdir. Yeni aerovağzal kompleksinin ərazisi 58 min kvadratmetr təşkil edəcəkdir.