REGİONLAR
Yeni Azərbaycan Partiyası dayanaqlı inkişafın və siyasi sabitliyin təminatçısıdır
İmişli, 20 noyabr, Aydın Yavərzadə, AZƏRTAC
Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 29-cu ildönümü ilə əlaqədar İmişlidə “Yeni Azərbaycan Partiyası dayanaqlı inkişafın və siyasi sabitliyin təminatçısıdır” mövzusunda konfrans keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları Ulu Öndərin abidəsini, daha sonra Şəhidlər xiyabanında şəhidlərin məzarlarını, eyni zamanda onların xatirəsinə inşa olunan abidə kompleksini ziyarət ediblər.
Heydər Əliyev Mərkəzində “Yeni Azərbaycan Partiyası dayanaqlı inkişafın və siyasi sabitliyin təminatçısıdır” mövzusunda keçirilən konfransda rayon rəhbərliyi, YAP İmişli rayon təşkilatının nümayəndələri, idarə və müəssisə əməkdaşları iştirak ediblər.
Tədbirdə Dövlət Himni səsləndirilib və Yeni Azərbaycan Partiyasının banisi, ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğurunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Konfransda YAP rayon təşkilatının sədri səlahiyyətlərini icra edən Səfa Ağayev çıxış edərək partiyanın yaranması tarixindən danışıb. Bildirib ki, ötən əsrin sonlarında Azərbaycanın başı üstünü qara buludlar alanda bir qrup ziyalı yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdi və bu məqsədlə xalqın sınanmış lideri Heydər Əliyevin şəxsiyyəti ətrafında birləşdi. Beləliklə, 1992-ci il noyabrın 21-də Naxçıvan şəhərində Yeni Azərbaycan Partiyası təsis olundu.
Həmçinin bildirilib ki, 2003-cü ilin oktyabrın 15-də keçirilən Prezident seçkilərində İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi partiyanın ölkənin ictimai-siyasi həyatında hansı nüfuza sahib olmasını əyani şəkildə təsdiqləyib.
Diqqətə çatdırılıb ki, Vətən müharibəsində ictimaiyyət Ali Baş Komandanın ətrafında sıx birləşdi. Azərbaycan Ordusunun Zəfər qazanmasında bu amilin də böyük əhəmiyyəti oldu.
İmişli rayon icra hakimiyyətinin başçısı Elçin Rzayev qeyd edib ki, 90-cı illərdə qısa bir zamanda respublikanın bütün ərazilərində YAP-ın yerli təşkilatları yarandı və Heydər Əliyevə sədaqətli olan, onun ideyalarını dəstəkləyənlər partiya sıralarına daxil oldular. Yeni Azərbaycan Partiyası qısa zamanda inkişaf etdi, “dünənin, bu günün və sabahın partiyası” səviyyəsinə yüksəldi.
Bildirilib ki, ulu öndər Heydər Əliyevin xalqımız və dövlətçiliyimiz qarşısındakı misilsiz xidmətlərindən biri ümumxalq partiyası olan Yeni Azərbaycan Partiyasının yaradılmasıdır. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan siyasət hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir.