SİYASƏT
“YENİ AZƏRBAYCAN” TƏŞVİQAT QRUPU ZAQATALADA ZONA MÜŞAVİRƏSİ KEÇİRMİŞDİR
Zaqatala, 4 fevral (AZƏRTAC). Referendum üzrə “Yeni Azərbaycan” təşviqat qrupunun xətti ilə fevralın 4-də Zaqatala şəhərinin “Qala düzü” istirahət mərkəzində zona seminarı keçirilmişdir. Seminarda YAP icra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı, deputatlar Fəttah Heydərov, Hikmət Atayev, YAP Mərkəzi Aparatının məsul işçisi Qalib Əsgərov, habelə təşviqat qrupunun Zaqatala, Balakən və Qax rayonları üzrə nümayəndələri iştirak etmişlər.
Seminarı giriş sözü ilə YAP Zaqatala rayon təşkilatının sədri Habil Qurbanov açmışdır.
Tədbirdə YAP icra katibinin müavini, Milli Məclisin deputatı, “Yeni Azərbaycan” təşviqat qrupunun səlahiyyətli nümayəndəsi Mübariz Qurbanlı çıxış edərək, təşviqat qrupunun 43 min nəfərdən çox üzvü olduğunu bildirmiş, Konstitusiyaya ediləcək əlavə və dəyişikliklərlə bağlı geniş izahat və şərhlər vermişdir.
Seminarda “Yeni Azərbaycan” təşviqat qrupunun vəkili, Milli Məclisin deputatı Fəttah Heydərov çıxış etmişdir.
Sonda iştirakçıları maraqlandıran suallara aydınlıq gətirilmişdir.