Azərbaycan Dövlət İnformasiya Agentliyi

YENİ BAKI BEYNƏLXALQ DƏNİZ TİCARƏT LİMANI KOMPLEKSİNİN TİKİNTİSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

Azərbaycan Respublikasının ərazisindən Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizləri üzrə keçən tranzit və ölkə iqtisadiyyatı üçün tələb olunan yüklərin qəbul edilməsində və daşınmasında Bakı Beynəlxalq Dəniz Ticarət Limanı həlledici rola malikdir. Bakı-Tbilisi-Qars yeni dəmir yolu bağlantısı layihəsinin həyata keçirilməsi nəticəsində gözlənilən yük həcmlərinin artımı ilə bağlı zəruri tədbirlər görmək, habelə Bakı şəhərinin mərkəzi hissəsində yerləşən liman ərazisinin ekoloji baxımdan sağlamlaşdırılmasını və milli parkın ərazisinin genişləndirilməsini, şəhərdə nəqliyyat sıxlığının qismən aradan qaldırılmasını təmin etmək üçün mövcud liman kompleksinin bu ərazidən köçürülməsinin vacibliyini nəzərə alaraq qərara alıram:

1. Bakı şəhəri Qaradağ rayonunun Ələt qəsəbəsinin ərazisində yeni Beynəlxalq Dəniz Ticarət Limanı kompleksi tikilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki:

2.1. Bakı şəhər İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi ilə birlikdə 1 ay müddətində yeni Beynəlxalq Dəniz Ticarət Limanı kompleksinin tikintisi üçün Ələt qəsəbəsinin ərazisində torpaq sahəsinin ayrılmasını təmin etsin;

2.2. Liman kompleksinin layihələndirilməsi və tikintisi üzrə işlərin yerinə yetirilməsi üçün maliyyə vəsaitinin mənbəyinin müəyyənləşdirilməsini və ayrılmasını təmin etsin;

2.3. Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi, Dövlət Dəniz Administrasiyası, Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və digər aidiyyəti dövlət qurumları ilə birlikdə bu Sərəncamın 1-ci bəndində nəzərdə tutulmuş liman kompleksinin tikintisi üzrə tədbirlərin müəyyən edilməsi və həyata keçirilməsini təmin etsin;

2.4. Yeni liman kompleksi istismara verildikdən sonra hazırkı Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisinin Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin sərəncamına verilməsini təmin etsin;

2.5. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

3. Yeni Beynəlxalq Dəniz Ticarət Limanı kompleksinin tikintisi üzrə layihənin həyata keçirilməsinin sifarişçisi Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi təyin edilsin.

4. Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi yeni Beynəlxalq Dəniz Ticarət Limanı kompleksinin tikintisi ilə bağlı yerinə yetirilmiş işlər barədə mütəmadi olaraq Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.

5. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 18 oktyabr 2007-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin