İQTİSADİYYAT
Yeni İpək Yolunda yerləşən Kurık limanının tikintisi 2016-cı ilin sonunda başa çatacaq
Bakı, 15 fevral, AZƏRTAC
“İpək Yolu iqtisadi kəməri” təşəbbüsü çərçivəsində tranzit potensialının genişləndirilməsi üçün Kurık qəsəbəsində bərə keçidi tikintisinin davamına və tranzit yüklərin Çindən İrana, Türkmənistana, Azərbaycana, Türkiyəyə və sonra Avropaya daşınmasının təmin etdirilməsinə doqquz milyard təngə yönəldiləcək.
AZƏRTAC zakon.kz saytına istinadla xəbər verir ki, bu barədə Qazaxıstanın milli iqtisadiyyat naziri Yerbolat Dosayev hökumətin iclasında məlumat verib.
Kurık limanı Aktaunun 10 kilometrliyində yerləşir. Liman əməliyyatlarını həyata keçirmək üçün buraya Borjaktı-Yersay dəmiryolu xətti çəkilib. Layihə gücü ildə 4 milyon ton yük olan bərə kompleksi xalq istehlakı mallarının, taxılın, neft məhsullarının, maye qazların, gübrələrin, kimyəvi preparatların və digər yüklərin boşaldılıb-yüklənməsi üçün nəzərdə tutulub. Kurık limanında birinci buraxılış kompleksinin tikintisini 2016-cı ilin sonunda başa çatdırmaq planlaşdırılır.