İQTİSADİYYAT
Yeni layihələr dəmir yolu ilə yüklərin daşınmasının həcmini artıracaqdır
Bakı, 16 oktyabr (AZƏRTAC). Yeni layihələr ölkə ərazisindən dəmiryol yüklərinin daşınmasını 20 milyon ton artıracaqdır.
AZƏRTAC xəbər verir ki, bu sözləri “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Arif Əsgərov demişdir. Bildirmişdir ki, Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinin işə düşməsi nəticəsində əlavə 5 milyon ton yükün daşınması gözlənilir. Şimal-Cənub dəhlizi layihəsi çərçivəsində isə əlavə 15 milyon ton yük daşınacaqdır. Şimal-Cənub dəhlizi layihəsi Rusiya-Azərbaycan-İran istiqamətində olacaqdır və hazırda 3 ölkə arasında konsorsium yaradılmasına başlanılmışdır. Konsorsiumun nizamnamə kapitalının 3 milyon ABŞ dolları (hər ölkə 1 milyon dollar) olması nəzərdə tutulmuşdur.
A.Əsgərov vurğulamışdır ki, Azərbaycan Şimal-Cənub dəhlizi layihəsinin reallaşdırılmasında maraqlıdır. Avropa, Skandinaviya ölkələrindən, eləcə də Rusiya və Ukrayna ərazisindən daşınan yüklər Azərbaycan ərazisindən keçməklə İranın Bəndər Abbas limanı vasitəsilə Hind okeanı hövzəsi ölkələrinə daşınılacaqdır.