MƏDƏNİYYƏT
Yeni metodiki vəsait mədəniyyət müəssisələrinə təqdim ediləcək
Bakı, 5 noyabr, AZƏRTAC
Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi tərəfindən mədəniyyət sahəsinin müxtəlif istiqamətlərini əhatə edən 80-dən çox metodiki vəsait hazırlanıb. O cümlədən, beynəlxalq metodiki vəsaitlər muzey, teatr, rəsm qalereyaları, mədəniyyət və bədii təhsil müəssisələrini, klubların fəaliyyətini, internet, sosial şəbəkə, İKT və yeni texnologiyaları, KİV və ictimaiyyətlə işin təşkilini, ictimai-siyasi fəaliyyəti, ictimai-məişət, tarixi xronologiyanı, milli folklor mədəniyyətimizi, milli-mədəni irsimizi, gənclərin milli və vətənpərvərlik ruhunda tərbiyə olunmasını, uşaq şənliklərinin senarilərini, habelə musiqi-incəsənət məktəblər üçün dərslikləri əhatə edir.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, “Yanğın təhlükəsizliyi qaydalarının əsasları” adlı növbəti metodiki vəsait çapdan çıxıb. Vəsait mədəniyyət müəssisələrində təhlükəsizlik texnikasının təşkili, arzuolunmaz yanğın hadisələri zamanı təcili təxirəsalınmaz tədbirlərin görülməsi və digər qabaqlayıcı profilaktik işlərin həyata keçirilməsi barədə qaydalar və təlimatlardan ibarətdir.
Qeyd edək ki, nəşr olunan metodiki vəsait mədəniyyət müəssisələri, mədəniyyət profilli ali, orta-ixtisas və digər müəssisələr, habelə geniş oxucu kütləsi üçün nəzərdə tutulub. Vəsaitin Bakıda və regionlarda təqdimatının keçirilməsi də planlaşdırılır. Bütün metodiki vəsaitlərlə mərkəzin rəsmi saytında (www.memm.az) tanış olmaq mümkündür.