ELM VƏ TƏHSİL
Yeni Peşə Təhsil Mərkəzində təlimlər təşkil olunacaq
Bakı, 10 yanvar, AZƏRTAC
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi müxtəlif istiqamətlər üzrə keçiriləcək təlim kurslarına qəbulu açıq elan edir.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, müvafiq sahələr üzrə bilik və bacarıqlarını dərinləşdirmək istəyən namizədlər təlim kurslarına qatıla bilərlər. Təlimlərdə iştirak etmək istəyənlər qeydiyyat formasını doldurmalıdırlar.
Yanvarın 15-də start veriləcək təlimlərin 3 ay müddətində davam etdirilməsi nəzərdə tutulur. Təlimlər ödənişli əsaslarla həyata keçirilir.
Mərkəz tərəfindən təşkil ediləcək təlimlərin tam siyahısını linkdən https://vet.edu.gov.az/az/news/1614 əldə etmək mümkündür.
Qeyd edək ki, Koreya təhsil standartları əsasında yaradılmış Yeni Peşə Təhsil Mərkəzində çalışan pedaqoji heyət Koreyada təlimlərdə olub və hazırda tədris prosesini ən son yeniliklər əsasında təşkil edir.