CƏMİYYƏT
Yetkinlik yaşına çatmayanlara tütün məmulatı satan şəxslər cərimələnib
Bakı, 15 noyabr, AZƏRTAC
Polis orqanları yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində mütəmadi olaraq tədbirlər keçirirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Baş İctimai Təhlükəsizlik və Nizami Rayon Polis idarələrinin əməkdaşlarının rayon ərazisində keçirdikləri reydlər nəticəsində üç mağazada satıcıların yetkinlik yaşına çatmayanlara tütün məmulatları satmaları faktları aşkarlanıb.
Həmin mağazaların satıcıları - L.Zeynalzadə, İ.Həsənov və P.Mirzazədə barələrində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsinə əsasən (Etil (yeyinti) spirti, alkoqollu içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə) protokollar tərtib olunub.
Bu istiqamətdə reydlər davam etdirilir.