REGİONLAR
Yevlaxda Dövlət Baytarlıq Xidmətinin zona müşavirəsi keçirilmişdir
Yevlax, 18 fevral (AZƏRTAC). Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti (DBX) Yevlaxda 2010-cu ildə baytarlıq xidməti sahəsində görülmüş işlər və cari ildə bu sahədə qarşıda duran vəzifələrə həsr olunmuş zona müşavirəsi keçirmişdir.
AZƏRTAC xəbər verir ki, 18 rayonun baytarlıq idarələri, zona baytarlıq laboratoriya və diaqnostika kabineti rəhbərlərinin iştirakı ilə keçirilən müşavirədə DBX-nin rəisi Sialə Rüstəmova 2010-cu ildə görülmüş işlər və qarşıda duran vəzifələrə dair məruzə etmişdir. Bildirmişdir ki, təhlükəli xəstəliklərə qarşı profilaktiki tədbirlərin vaxtında və keyfiyyətlə həyata keçirilməsi nəticəsində ölkə ərazisində epizootik sabitlik təmin olunmuş, Kür-Araz çaylarının daşqını zamanı yaranmış çətinliklər aradan qaldırılmışdır. Ötən il “quş qripi” xəstəliyinə qarşı ölkə ərazisində 7 dəfə monitorinq aparılmış, heç bir xəstəlik daşıyıcısı aşkar edilməmişdir.
Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq respublikamızın 60-a yaxın baytarlıq obyektində tikinti və yenidənqurma işləri aparılmış, 10 yeni baytarlıq idarəsi istismara verilmişdir. İmişli, Astara, Ağdaş, Abşeron, Qazax, Neftçala, Saatlı, Qəbələ, Balakən, Lerik, Yevlax, Ucar, Xaçmaz və Samux rayon baytarlıq idarələri ilə birlikdə diaqnostik kabinetlərin və ya baytarlıq laboratoriyalarının birgə inzibati binaları, respublikanın 31 rayonunun hər birində tikintisi aparılan bir ədəd sahə baytarlıq məntəqələrinin əksəriyyəti istismara verilmişdir. Laboratoriya və diaqnostika kabinetlərinin maddi-texniki bazası möhkəmləndirilmiş, onların müasir avadanlıqla təminatı qaydaya salınmışdır. ABŞ Müdafiə Departamenti və Azərbaycan Respublikasının Nazirlər Kabineti arasında “Bioloji təhlükənin azaldılması Proqramı” çərçivəsində Respublika Baytarlıq Laboratoriyasında iş başa çatdırılmış, Salyan, Qax, Şamaxı, Göyçay, Beyləqan, Tovuz, Qəbələ və Lənkəran zona baytarlıq laboratoriyalarının yenidən qurulması və avadanlıqla təmin olunması, eləcə də mərkəzi referens laboratoriyasının tikintisi nəzərdə tutulur.
DBX-nin rəisi qeyd etmişdir ki, 2011-ci ildə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq respublikanın 25 rayonunun hər birində 1 ədəd müasir tələblərə cavab verən sahə baytarlıq məntəqəsi tikiləcəkdir.
Müşavirədə DBX rəisinin müavinləri E. Şahbazov, R. Abbasov, müvafiq sahələrin rəhbərləri, eləcə də ayrı-ayrı rayonların baytarlıq idarələrinin rəisləri görülmüş epizootik tədbirlər və bu sahədə mövcud vəziyyət barədə məlumat vermişlər.
Müşavirədə nöqsanlar da sadalanmış, onların həlli üçün vəzifələr müəyyən edilmişdir.