REGİONLAR
Yevlaxda fermerlər pambıq səpini və becərmə texnologiyası barədə məlumatlandırılıblar
Yevlax, 30 mart, AZƏRTAC
Tərtər Regional Aqrar Elm və İnnovasiya Mərkəzinin təlimçiləri tərəfindən Yevlax Dövlət Aqrar İnkişaf Mərkəzində “Pambıq əkiləcək sahənin hazırlanması, səpinin təşkili və becərmə texnologiyası” mövzusunda təlim keçirilib. Pandemiya şəraiti ilə əlaqədar 10 nəfərə qədər fermer və aqrar sahə mütəxəssisinin iştirak etdiyi təlimdə ara məsafəsi qorunub, tibbi maskalardan istifadə edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Tərtər Regional Aqrar Elm və İnnovasiya Mərkəzinin direktor müavini Namiq Məmmədov, mütəxəssisi Bayram Əliyev və baş aqronom Alim Əliyev çıxış edərək pambıq əkiləcək sahənin əkinə hazırlanmasından, səpinin təşkilindən və becərmə texnologiyasından danışıblar. Bildirilib ki, pambıq sahəsini yüksək keyfiyyətlə becərmək üçün əvvəlcə quzapayı sahədən çıxarılmalıdır. Sahədə az miqdarda pambıq kolu qalarsa iş vaxtı kotanın, kultivator, dırmığın işçi orqanlarına ilişəcək və şumun, becərmə işlərinin, səpinin düzgün aparılmasına maneçilik edəcək. Sahə quzapayından tam təmizləndikdən sonra üzvi və mineral gübrə verilməli, 30-35 santımetr dərinliyində şumlanmalı və arat olunmalıdır. Sahə malalanmalı, səpindən qabaq alaq otlarına qarşı kimyəvi herbisitlər verilməlidir. Səpin aprelin əvvəllərində - havanın temperaturu 20-25 C olduqda həyata keçirilməli, hər hektara 70-80 kiloqram lifli, 20-25 kiloqram isə lifsiz toxum səpilməlidir. Cərgə arası 90 santımetr olan sahələrdə 120-130 min, 60 santımetr olan cərgələrdə isə 100-110 min bitki olduqda hektardan yaxşı məhsul götürmək mümkündür.
Təlimdə müzakirələr aparılıb, fermerləri maraqlandıran suallar cavablandırılıb.