REGİONLAR
Yevlaxda narkomaniya əleyhinə maarifləndirmə tədbiri keçirilib
Yevlax, 4 mart, AZƏRTAC
Yevlax Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun Aran qəsəbəsində yerləşən 2 nömrəli tam orta məktəbdə narkomaniyanın fəsadlarından bəhs edən maarifləndirmə tədbiri keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, tədbirdə çıxış edən rayon polis şöbəsinin rəisi, polis polkovniki Elnur Mehdiyev və digərləri narkomaniya və onun fəsadları ilə bağlı şagirdlərə geniş məlumatlar veriblər. “Ağ ölüm”ün ailə və cəmiyyət üçün yaratdığı problemlər diqqətə çatdırılıb. Qeyd edilib ki, narkomaniyanın yayılmasının qarşısının alınması məqsədilə təhsil işçiləri və valideynlər hüquq-mühafizə orqanlarına yardım etməlidirlər. Bu barədə daxil olan hər bir informasiya ətrafında dəqiqləşdirilmə aparıldığı və cinayət törədən şəxsin qanundan yayına bilməyəcəyi iştirakçıların diqqətinə çatdırılıb. Həmçinin şagirdlərə dərslərinə ciddi yanaşmaları, cəmiyyətimiz üçün faydalı işlər görmələri tövsiyə olunub.
Sonda isə narkotiklərin fəsadlarından bəhs edən videoçarx göstərilib və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.