REGİONLAR
Yevlaxda Ramazan bayramı münasibətilə dindarlarla görüş keçirilib
Yevlax, 1 may, AZƏRTAC
Müqəddəs Ramazan bayramı münasibətilə Yevlax şəhər Cümə məscidində bir qrup dindarla görüş olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev bayram münasibətilə dindarları təbrik edərək, hər birinə ən səmimi arzu və diləklərini çatdırıb. O, ulu öndər Heydər Əliyevin hər zaman dini dəyərlərə önəm verdiyini, müqəddəs bayramların dövlət tərəfindən yüksək səviyyədə qeyd olunduğunu qeyd edərək, bu ənənənin hazırda Prezident İlham Əliyev tərəfindən davam etdirildiyini diqqətə çatdırıb.
Şəhər icra hakimiyyətinin başçısı qeyd edib ki, Ramazan həmrəylik, dostluq, qardaşlıq, sevgi, mərhəmət və ruzi-bərəkət ayıdır. Bu ay ərzində ölkəmizin hər yerində təşkil olunan iftar süfrələri də ənənəvi tolerantlığı və sıx birliyi bir daha nümayiş etdirir.
Görüşdə Yevlax şəhər Cümə məscidinin imamı Eldəniz Əhmədov çıxış edərək 44 günlük Vətən müharibəsində xalqımızın Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında sıx birləşdiyinin, ölkəmizdəki dini konfessiyaların tolerantlığının, birliyinin şahidi olduqlarını bildirib. Diqqətə çatdırıb ki, bu gün Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən İslam dininə, dini adət-ənənələrimizə, din xadimlərinə xüsusi diqqət və qayğı göstərilir. Heydər Əliyev Fondu tərəfindən ölkəmizdə, o cümlədən işğaldan azad edilmiş ərazilərdə məscidlərin, ibadətgahların tikintisi və bərpası istiqamətindəki işlər bunun bariz nümunəsidir.
Yevlaxlı dindarlar onlara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını ifadə ediblər.
Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən Ramazan bayramı münasibətilə Yevlax şəhər Cümə məscidinin həyətində dekorativ ağaclar və gül kolları əkilib.