DÜNYA
Yonhap: ÇXR Sədri Si Cinpin gələn il Cənubi Koreyaya səfər edəcək
Pekin, 25 dekabr, AZƏRTAC
Çin Xalq Respublikasının (ÇXR) Sədri Si Cinpin böyük ehtimalla gələn ilin birinci yarısında Cənubi Koreyaya səfər edəcək.
AZƏRTAC xəbər verir ki, məlumatı Yonhap agentliyi Cənubi Koreya Prezident Ofisinin rəsmisinə istinadla yayıb.
Adı açıqlanmayan rəsmi şəxs bildirib ki, dekabrın 23-də Pekində Si Cinpin ilə görüşən Cənubi Koreya Prezidenti Mun Ce-in ÇXR liderini ölkəsinə səfərə dəvət edib. Sədr Si Cinpin yaxın gələcəkdə Cənubi Koreyaya səfər təklifinə müsbət yanaşıb.
“Səfərin dəqiq vaxtı kimi məsələlər üzrə yekun koordinasiya zəruri olsa da, Si Cipninin gələn ilin birinci yarısında Cənubi Koreyaya səfər edəcəyinə demək olar ki, əmin ola bilərsiniz”, - deyə Cənubi Koreya rəsmisi jurnalistlərə bildirib.
Qeyd edək ki, sözügedən səfər baş tutarsa, bu, 2017-ci ildə Mun Ce-inin Prezident seçilməsindən sonra Çin liderinin Cənubi Koreyaya ilk səfəri olacaq. Səfər, habelə ABŞ-ın Cənubi Koreyada THAAD raket hücumundan müdafiə sistemini quraşdırmasından sonra Pekin ilə Seul arasında soyumuş münasibətlərin inkişafının başlanğıcı rəzmi ola bilər.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin