ELM VƏ TƏHSİL
Yüksək balla ali məktəblərə daxil olmuş gənclər mükafatlandırılmışlar
Qax, 9 sentyabr (AZƏRTAC). Qax Rayon İcra Hakimiyyətində bu il rayonun tam orta məktəblərini qızıl medalla bitirən və ali məktəblərə qəbul imtahanlarında 600-dən çox bal toplayaraq tələbə adını qazanan gənclərlə görüş keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbirdə respublikada təhsilin inkişafına dövlət qayğısından, bu sahədə qazanılan uğurlardan danışılmışdır. Bildirilmişdir ki, bu il rayonun tam orta məktəblərini bitirmiş 433 məzundan 321-i ali məktəblərə qəbul imtahanlarında iştirak etmiş, onlardan 165-i tələbə adını qazanmışdır. Qəbul imtahanlarında abituriyentlərdən 26 nəfər 500-dən, 7 nəfər isə 600 baldan yuxarı nəticə göstərmişdir.
Qaşqaçay kənd tam orta məktəbinin məzunu, 667 balla Bakı Dövlət Universitetinin hüquq fakültəsinə daxil olmuş Günel Əliyeva təhsilin inkişafına, gənc nəslin təlim-tərbiyəsinə göstərilən yüksək diqqət və qayğıya görə gənclərin adından Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya minnətdarlığını bildirmişdir.
Tədbirin sonunda uğur qazanmış gənclərə qiymətli hədiyyələr təqdim olunmuşdur.