İDMAN
Yunan-Roma güləşi üzrə Azərbaycan millisi dünya çempionatını ikinci pillədə başa vurmuşdur
Bakı, 22 avqust (AZƏRTAC). Serbiyanın Zrenyanin şəhərində yeniyetmə güləşçilər arasında dünya çempionatı davam edir.
AZƏRTAC xəbər verir ki, çempionatın ikinci günündə yunan-Roma güləşi üzrə 42, 46, 69, 76 və 85 kiloqram çəki dərəcələrində güləşçilər mübarizə aparmışlar.
Bu mərhələdə güləşçilərimiz 2 qızıl və 1 bürünc medal qazanmışlar.
Yarışa 1/8 finaldan mübarizəyə qoşulan Kənan Cəfərov (46 kq) Bolqarıstan və Macarıstan təmsilçilərini üstələmiş, yarımfinalda isə İran güləşçisinə uduzmuşdur. K.Cəfərov Belarus təmsilçisi ilə bürünc medal uğrunda görüşdə qalib gələrək dünya çempionatını üçüncü sırada tamamlamışdır.
Çempionatda 76 kiloqram çəki dərəcəsində mübarizə aparan İslam Abbasov finaladək maneəsiz irəliləmişdir. Pəhləvanımız ardıcıl olaraq qırğızıstanlı, belaruslu, ermənistanlı və rusiyalı güləşçilər üzərində inamlı qələbə qazanmışdır. Finalda təmsilçimiz Macarıstan güləşçisinə də heç bir şans verməmiş və dünya çempionu olmuşdur. Bütün bu görüşlərdə rəqiblərindən, ümumilikdə, 39 xal alan İslam Abbasov heç bir rəqibinə xal verməmişdir.
Soslan Fanziyev (85 kq) mübarizəyə 1/16 finaldan başlamış və finala yüksəlmişdir. Qazaxıstan, Belarus, Bolqarıstan və İran təmsilçilərini üstələyən güləşçimiz finalda türkiyəli pəhləvanla qarşılaşmışdır. Maraqlı və gərgin keçən qarşılaşmada S.Fanziyev rəqibini təmiz qələbə ilə üstələmiş və qızıl medala sahib olmuşdur.
Yunan-Roma güləşi yarışlarının ilk günündə güləşçilərimiz 1 qızıl medal qazanmışdı. Ümumilikdə, 3 qızıl və 1 bürünc medala sahib olan yığmamız komanda hesabında 53 xalla ikinci sırada qərarlaşmışdır. İlk sıranı 62 xalla Rusiya, üçüncü pilləni isə 42 xalla Qırğızıstan komandası tutmuşdur.