İDMAN
Yunanıstanda birinci Yay Olimpiya Məktəbi başa çatmışdır
Qədim Olimpiya, 12 avqust (AZƏRTAC). Heydər Əliyev Fondunun təşəbbüsü, Azərbaycan Gənclər və İdman Nazirliyinin və Beynəlxalq Olimpiya Akademiyasının birgə təşkilatçılığı ilə Yunanıstanda məşqçi-müəllimlər, fəal gənclər və könüllülər üçün təşkil olunmuş birinci Yay Olimpiya Məktəbi başa çatmışdır.
AZƏRTAC xəbər verir ki, avqustun 12-də Beynəlxalq Olimpiya Akademiyasında yay məktəbinin bağlanış mərasimi keçirilmişdir.
Akademiyanın direktoru Dionissis Gangas və fəxri dekan Konstantinos Georgiadis məktəbin uğurla yekunlaşdığını diqqətə çatdırmışlar. Bildirmişlər ki, seminar zamanı qarşılıqlı fikir mübadiləsi və gərgin müzakirələr aparılmışdır. Azərbaycanlı gənclərin müzakirələrdə fəal olması bizi çox sevindirdi. Azərbaycanda Olimpiya dəyərlərinə verilən qiymət və Olimpizmin inkişaf etdirilməsi digər ölkələr üçün nümunə hesab oluna bilər.
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Qabil Mehdiyev seminarın yüksək səviyyədə təşkil edilməsinə görə Beynəlxalq Olimpiya Akademiyasının rəhbərliyinə öz təşəkkürünü bildirmiş və təhsil müəssisəsinin gələcək fəaliyyətinə uğurlar arzulamışdır.
Sonda seminarın fəal iştirakçılarına Beynəlxalq Olimpiya Akademiyasının sertifikatları təqdim olunmuşdur.
Sertifikat alanlar arasında Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AZƏRTAC) müxbiri Səxavət Quliyev də vardır.
Yay Olimpiya Məktəbinin iştirakçıları avqustun 13-də Afinaya yola düşəcəklər. Onlar burada qədim Panaseanik stadionu ilə tanış olacaq və şəhərin digər tarixi yerlərini gəzəcəklər.
Səxavət Quliyev
AZƏRTAC-ın müxbiri
Qədim Olimpiya