DÜNYA
YUNANISTANDA ƏLAÇI TƏLƏBƏLƏR KOMPYUTER ALACAQLAR
AZƏRTAC “RİA Novosti” agentliyinə istinadla xəbər verir ki, Yunanıstanda əlaçı abituriyentlərə pulsuz kompyuterlər təqdim ediləcək. Ölkənin maliyyə naziri Yorqos Aloqoskufis demişdir: “Proqrama əsasən, əlaçı tələbələrin 20 faizi, yəni təxminən 12,5 min tələbə kompyuter alacaqdır”.
Onun sözlərinə görə, hər əlaçı tələbəyə internetə qoşulmuş noutbuk veriləcəkdir. Nazirin fikrincə, bu, ölkədə “rəqəmsal inqilab”a səbəb olacaqdır. Layihənin ümumi dəyəri 7,5 milyon avrodur.
Yunanıstanda ali məktəblərə qəbul imtahanları keçirilmir. Şagirdlər ali məktəbə axırıncı sinifdə vahid dövlət imtahanlarının nəticələrinə əsasən daxil olurlar.
Maliyyə və təhsil nazirlikləri ümid edirlər ki, 2006-cı ildə ali məktəbə yüksək balla daxil olan tələbələrə də noutbuk veriləcəkdir.
Bundan əlavə, Yunanıstan hökuməti “100 dollara noutbuk” proqramını da həyata keçirmək niyyətindədir. Bu proqram çərçivəsində orta məktəblərdə şagirdlərə internetə qoşulmuş ucuz kompyuterlər paylanacaqdır.