MƏDƏNİYYƏT
Yunanıstanda İmadəddin Nəsiminin 650 illik yubileyi qeyd olunub




Afina, 10 may, AZƏRTAC
Yunanıstanın Saloniki şəhərində ənənəvi olaraq keçirilən beynəlxalq kitab sərgisində iştirak edən Azərbaycanın Yunanıstandakı səfirliyinin stendi dahi Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsimiyə həsr olunub.
AZƏRTAC xəbər verir ki, sərgi çərçivəsində Nəsiminin 650 illik yubileyinə həsr olunmuş təqdimat keçirilib. Tədbirdə ölkəmizin Yunanıstandakı səfirliyinin müvəqqəti işlər vəkili Eldar Əliyev İmadəddin Nəsiminin həyatı və yaradıcılığı, Nəsimi şeirinin humanist ideyaları və fəlsəfəsi haqqında məlumat verib. Diplomat, Nəsiminin xatirəsinin Azərbaycanda əbədiləşdirilməsi haqqında danışmış və 2019-cu ilin Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə Azərbaycanda Nəsimi ili elan olunduğunu qeyd edib.
Tədbirdə Nəsimi filmindən şairin fikirlərinə və yaradıcılığına həsr olunmuş hissələr subtitrlə nümayiş edilib.
Tədbirə qatılan qonaqlara, həmçinin sərgidə Azərbaycan stendini ziyarət edən iştirakçılara İmadəddin Nəsiminin Heydər Əliyev Fondu tərifindən ingilis dilində nəşr edilmiş kitabı hədiyyə edilib.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Afina