DÜNYA
Yunanıstanda kütləvi etirazlar səngimək bilmir
Bakı, 28 noyabr (AZƏRTAC). Yunanıstan hökumətinin islahatlar proqramına əsasən ixtisarlarla üzləşən dövlət qulluqçuları paytaxt Afinada nümayiş keçirmişlər.
“Euro news” kanalının məlumatına görə, nümayişdə dövlət məktəblərinin müəllimləri və Afina bələdiyyəsinin işçiləri iştirak etmişlər. Etirazçılar minlərlə işçinin ixtisar edildiyi bir vaxtda beynəlxalq kreditorların Yunanıstanın borcunu azaltması və maliyyə yardımı ayırmasına istehza ilə yanaşmışlar. Afina bələdiyyə İşçiləri İttifaqının prezidenti Temis Balasopulos maliyyə yardımının xalq üçün deyil, banklar üçün olduğunu, işçilər üçün heç bir dəyişiklik vəd etmədiyini bildirmişdir.
Qeyd edək ki, hökumətin ixtisar planına əsasən, 27 min dövlət qulluqçusunun bir il müddətində maaşları azaldılacaqdır. Bu müddət başa çatandan sonra isə onlar işdən tamamilə azad olunacaqlar. Ölkədə işsizlik səviyyəsi 2010-cu ildə hökumət qənaət proqramını həyata keçirməyə başlayandan bəri 25 faizə çatmışdır.