MƏDƏNİYYƏT
Yurdumuzun hər qarışına bələd olsaq onu daha çox sevərik
Balakən, 22 avqust (AZƏRTAC, Mustafa Dadaşov). 2014-cü il üçün “Azərbaycanın Folklor Paytaxtı” seçilmiş Balakən şəhərinin məktəbliləri olaraq artıq biz də “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyanın iştirakçısıyıq. Səyahət edəcəyimiz Quba, Qusar və Xaçmaz rayonlarının tarix və mədəniyyət abidələri, gəzməli, görməli yerləri barədə dərs vəsaitlərindən, müxtəlif dərgilərdən, ən azı internetdən kifayət qədər məlumatımız var. Bizə yaradılan bu şərait, imkan sayəsində həmin məlumatları, biliyimizi praktiki cəhətdən daha da genişləndirə biləcəyik.
Bu sözləri tur-aksiya çərçivəsində respublikamızın şimal bölgəsinə səfər edən Balakən məktəblilərinin yola salınması mərasimində şəhər humanitar və texniki təmayüllü liseyin 10-cu sinif şagirdi Rəvan Əliyev AZƏRTAC-a müsahibəsində söylədi.
Balakən məktəblisi daha sonra dedi: “ Biz gənclər öz doğma Vətənimizi çox sevirik və həmişə yurdumuzun görməli yerlərini tanımaq arzusunda olmuşuq. Çünki yurdumuzun hər yerini gəzsək, hər qarışına bələd olsaq onu daha yaxşı tanıyar, daha çox sevərik. Bizə bu şəraiti yaratdığına görə Prezidentimizə minnətdarlığımızı bildiririk”.