İQTİSADİYYAT
“Zaminbank” barəsində iflas proseduruna başlanılıb

Bakı, 5 oktyabr, AZƏRTAC
Azərbaycan Respublikası 1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 19.09.2016-cı il tarixli 2-1 (81)-3620/16 saylı qərarı ilə "Zaminbank" ASC müflis elan edilərək bank barəsində iflas proseduruna başlanılıb.
Əmanətlərin Sığortalanması Fondundan AZƏRTAC-a bildiriblər ki, fond bu il iyulun 25-dən ləğv prosesində olan "Zaminbank" ASC-nin ləğvedicisi kimi fəaliyyətə başlayıb. Bununla əlaqədar olaraq müflis elan edilmiş banka qarşı tələblər bu elanın dərcindən 60 təqvim günü ərzində ləğvedici tərəfindən yazılı şəkildə qeydə alınacaq. Tələblərin qeydə alınması üçün kreditorlar adlarını və ünvanlarını, tələbin əsas məbləğinə daxil edilən faizlərin və digər haqların məbləğləri, tələbin təminatı olan girov (ipoteka) və ya qarantiya barəsində məlumatı təqdim etməlidirlər.
Kreditorlardan bu elanın dərcindən 60 gün ərzində bankın ləğvedicisinə müraciət etmələri xahiş olunur.