İQTİSADİYYAT
Zaqatala rabitəçiləri 2012-ci ili uğurla başa vurmuşlar
Zaqatala, 18 yanvar (AZƏRTAC). “Aztelekom” İstehsalat Birliyi Zaqatala rayon telekommunikasiya qovşağının kollektivi 2012-ci ili uğurlu göstəricilərlə başa vurmuşdur.
Qovşaqdan AZƏRTAC-a bildirmişlər ki, ötən il müəssisənin bütün sahələr üzrə iqtisadi-texniki göstəriciləri daha da yüksəlmiş, kənd rabitə şəbəkəsinin müasirləşdirilməsi istiqamətində tədbirlər davam etdirilmişdir. Qovşaq üzrə illik proqnozda nəzərdə tutulduğundan 17 min manat çox, yəni 1 milyon 342 min manat tarif gəliri əldə edilmişdir.
Ötən il rayonun rabitə xətlərində 47 kilometr əsaslı, 68 kilometr cari təmir işləri aparılaraq şəbəkə texniki normaya uyğunlaşdırılmışdır. Kənd elektron ATS-lərinə ümumilikdə 34,5 kilometr fiber-optik kabel çəkilmişdir. Hazırda bütün kənd elektron ATS-də DSLAM avadanlığı quraşdırılaraq əhaliyə genişzolaqlı internet və müxtəlif multimedia xidmətləri göstərilir. Həmçinin 2012-ci ildə genişzolaqlı internet istifadəçilərinin sayı əvvəlki illə müqayisədə 2 min 30 abonent artaraq 3 min 678-ə çatmışdır.
Keçən ilin mayında baş vermiş zəlzələ nəticəsində zərər çəkmiş Gözbarax və Yuxarı Çardaxlar kənd elektron ATS-nin binaları yenidən tikilmiş, Muxax və Çobankol kənd elektron ATS-nin binaları isə əsaslı təmir olunmuşdur. Bundan əlavə, konteynerdə yerləşən Yolayrıc kənd elektron ATS-i üçün yeni inzibati binanın tikintisinə başlanmışdır.
Hazırda Zaqatala şəhərinin cənub-qərb yaşayış massivində 512 nömrə tutumu olan yeni elektron ATS-in quraşdırılması istiqamətində işlər davam etdirilir.